ADAU və Ege Universiteti arasında beynəlxalq ikili diplom proqramının gələcək istiqamətləri müzakirə edildi

Azərbaycan Respublikasında ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı üzrə rəhbər komitənin növbəti iclası keçirilib.
İclasda ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli və digər rəsmi şəxslər iştirak ediblər. ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında iki universitet arasında əməkdaşlığın inkişafından və proqramın əldə etdiyi nəticələrdən bəhs edib. O, bu əməkdaşlığın aqrar sahə üzrə müasir bilik və praktiki bacarıqlara malik mütəxəssislərin hazırlanmasında oynadığı rolu vurğulayaraq, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin peşəkar inkişafı üçün birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.
Ege Universitetinin rektoru Musa Alcı isə ADAU ilə tərəfdaşlığın hər iki tərəf üçün yeni imkanlar yaratdığını bildirib. O, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsinin və aqrar təhsildə birgə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli proqramın ölkənin aqrar sektoru üçün strateji əhəmiyyətini vurğulayaraq, müasir texnologiyaları mənimsəyən kadrların yetişdirilməsində beynəlxalq təcrübənin öyrənilməsinin mühüm olduğunu bildirib.
İclasda Ege Universitetinin Kənd Təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan proqram çərçivəsində tələbələrin istehsalat təcrübəsinin nəticələrinə dair yekun hesabatı təqdim edib. Hesabat ətrafında müzakirələr aparılaraq, təcrübənin təşkili və qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edilib. Onlayn qoşulan Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov da müzakirə olunan məsələlərə münasibət bildirərək öz təkliflərini səsləndirib.
Görüşün sonunda qarşıda duran vəzifələr, nəzərdə tutulan birgə layihələrin icrası və əməkdaşlığın növbəti mərhələləri müzakirə olunub. Rəsmi görüşdən sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, ADAU TV internet televiziyası və Tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.