ADAU və Ege Universitetinin rektorları ikili diplom proqramının iştirakçıları ilə görüşüb

ADAU və Ege Universitetinin rektorları ikili diplom proqramının iştirakçıları ilə görüşüb

Rəsmi mənbə

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində professor-müəllim heyəti və tələbələr üçün geniş görüş keçirilib. Bu tədbir, iki universitet arasında əməkdaşlığın dərinləşdirilməsi və gənclərin beynəlxalq təhsil sahəsində inkişafına dəstək olmaq məqsədi daşıyır.

Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ikili diplom proqramının gənclər üçün strateji əhəmiyyətinə xüsusi diqqət yetirib. Rektor proqramın tələbələrin yalnız akademik biliklərini artırmaqda deyil, həm də peşəkar səviyyədə inkişafına və beynəlxalq elmi-tədqiqat işlərinə cəlb edilməsinə geniş imkanlar yaratdığını vurğulayıb. Zəfər Qurbanov qeyd edib ki, bu əməkdaşlıq yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, Azərbaycan və Türkiyə arasında mənəvi və elmi əlaqələrin möhkəmlənməsinə də mühüm töhfə verəcək.

Ege Universitetinin rektoru Musa Alcı isə hər iki ali təhsil müəssisəsi arasında qurulan əməkdaşlığın dəyərini vurğulayaraq, proqramın tədrisin keyfiyyətini yüksəltməkdə, tələbələrin beynəlxalq təcrübəsini zənginləşdirməkdə və elmi əlaqələri genişləndirməkdəki rolunu diqqətə çatdırıb. O, bu birgə təşəbbüsün gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Tədbirin əsas hissəsində iştirakçıların təqdim etdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallara isə ətraflı cavablar verilib. Görüşün ikinci mərhələsində rəhbər komitənin üzvləri birbaşa tələbələr ilə görüşüb. Bu zaman beynəlxalq ikili diplom proqramının tədris prosesinin xüsusiyyətləri, tələbələr üçün yaradılan imtiyazlar və proqramın gələcək inkişaf perspektivləri ətrafında aktiv fikir mübadiləsi aparılıb. Tələbələrin müraciətləri və təklifləri dinlənilərək, onları narahat edən məsələlərə aydınlıq gətirilib. Bu görüş, universitetlər arası əməkdaşlığın tələbə mərkəzli yanaşma ilə daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Xəbərlər