ADNSU-da 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

ADNSU-da 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılışında ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov 18 Oktyabrın tarixi əhəmiyyətini vurğulayıb. O, milli müstəqilliyin qorunması, dövlətçilik ənənələrinin yaşatılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd edib. Millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı isə müasir Azərbaycanın gücündən və milli dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsindən bəhs edib.

ADNSU-nun Strateji məsələlər üzrə prorektoru, dosent Vazeh Əskərov müstəqillik dövründə əldə olunan nailiyyətlərə və ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə toxunub. O, davamlı inkişafda təhsilin, elmin və innovasiyaların rolunu xüsusi qeyd edib. Rektorun hüquqi məsələlər üzrə müşaviri Sübhi Kazımov isə dövlət müstəqilliyinin hüquqi əsasları, konstitusion dəyərlər və qanunun aliliyinin əhəmiyyətini izah edib.

Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov Azərbaycanın müstəqillik tarixinin əsas mərhələlərindən və milli azadlıq ideyalarının formalaşmasından danışıb. O, tarixi hadisələrin öyrənilməsinin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm yer tutduğunu bildirib.

Tədbir çərçivəsində ADNSU Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə xüsusi sərgi təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dövlətçilik tarixi və müasir inkişaf mərhələsi haqqında məlumat verən 40-dan çox nəşr nümayiş olunub. Bu tədbir universitet ictimaiyyətinin milli-mənəvi dəyərlərə bağlılığını bir daha ortaya qoyub.

Xəbərlər