ADNSU-nun kommunikasiya layihəsi beynəlxalq MarCom Awards 2026-da Qızıl mükafat qazandı

ADNSU-nun kommunikasiya layihəsi beynəlxalq MarCom Awards 2026-da Qızıl mükafat qazandı

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) strateji ictimaiyyətlə əlaqələr sahəsində həyata keçirdiyi layihə ABŞ-da təşkil olunan beynəlxalq “MarCom Awards 2026” müsabiqəsində Qızıl mükafata layiq görülüb. Bu uğur, universitetin kommunikasiya fəaliyyətində tətbiq etdiyi innovativ yanaşmanın beynəlxalq səviyyədə tanınmasını əks etdirir.

Layihənin müəllifi və strateji rəhbəri ADNSU-nun İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin rəhbəri Xülya Sabirli olub. “Müasir PR modeli: çoxdilli hekayələndirmə ekosisteminin və brendin formalaşdırılması” adlı iş müsabiqənin “Strateji kommunikasiyalar” istiqaməti çərçivəsində “İctimaiyyətlə əlaqələr proqramı” nominasiyasında qalib seçilib. Layihə universitetin bütün kommunikasiya kanallarını inteqrasiya edən bütöv bir sistem kimi qurulub.

Qeyd edək ki, “MarCom Awards” ABŞ-dakı Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyası (AMCP) tərəfindən 2004-cü ildən bəri keçirilir. Marketinq, reklam və kreativ kommunikasiya sahəsindəki peşəkar nailiyyətlərin qiymətləndirildiyi bu prestijli yarışa 2025-ci ildə 43 ölkədən 6000-dən çox layihə təqdim olunub. Müsabiqə 300-dən artıq fərqli nominasiya üzrə aparılır.

Mükafata layiq görülən layihə ADNSU-nun institusional kommunikasiyasının inkişafına, elmi və akademik nailiyyətlərin geniş auditoriyalara çatdırılmasına, beynəlxalq görünürlüyün artırılmasına və brend mövqeyinin gücləndirilməsinə yönəlmişdir. Layihədə universitet həyatının müxtəlif aspektlərini əks etdirən yaradıcı media formatları, Azərbaycan və ingilis dillərində kommunikasiya, rəqəmsal məzmunun inkişafı və müasir brend jurnalistikası yanaşmaları əsas rol oynayır. Bu uğur ADNSU-nun beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəldir.

Xəbərlər