ADNSU-nun nümayəndəsi İspaniyada yüksək məhsuldarlıqlı hesablamalar və süni intellekt üzrə beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kompüter elmləri və mühəndisliyi” kafedrasının müdiri, dosent, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən mühüm beynəlxalq elmi tədbirlərdə iştirak edib. Nigar İsmayılova əvvəlcə Women in High Performance Computing – Mediterranean and Related Chapter (MAR-WHPC) vorkşop proqramında iştirak edərək, yüksək məhsuldarlıqlı hesablamalar sahəsindəki son yeniliklər və qadın alimlərin bu sahədəki rolu ilə bağlı çıxış edib.
Səfər çərçivəsində dosent Nigar İsmayılova həmçinin 20-ci RES Users’ Conference (JURES26) beynəlxalq konfransında iştirak edib. Konfrans süni intellekt tətbiqləri, kompüter elmlərində qadınların iştirakının artırılması və elmi layihələrin praktik tətbiqi kimi güncal mövzulara həsr olunub. Tədbirlər Avropanın yüksək məhsuldarlıqlı hesablamalar (HPC) ekosistemində əldə olunan təcrübənin öyrənilməsi, elmi bilik və ideyaların paylaşılmasına, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib.
Qeyd edək ki, ADNSU Azərbaycanda ilk HPC mərkəzinin fəaliyyətə başladığı ali təhsil müəssisəsi kimi bu istiqamətdə lider mövqedədir. Universitet elmi-tədqiqat potensialının inkişafına, süni intellekt və qabaqcıl hesablama texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Bu cür beynəlxalq tədbirlərdə iştirak, universitetin alimlərinin peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, Azərbaycanda HPC sahəsindəki bilik bazasını genişləndirməyə və beynəlxalq standartlara uyğun elmi mühit yaratmağa mühüm töhfə verir. Nigar İsmayılovanın iştirakı ADNSU-nun qlobal elmi ictimaiyyətlə əlaqələrinin güclü olduğunu bir daha təsdiqləyir.