BDU-da qədim insan qalıqlarının paleogenetik analizinə dair ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi arxeologiya elminin müasir istiqamətlərini təbliğ etmək, innovativ metodları tanımaq və gənc tədqiqatçıların bilik səviyyəsini artırmaq məqsədi ilə silsilə ustad dərslərinə start verib. Mərkəzin Bioarxeologiya elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə keçirilən ilk ustad dərsi “Qədim insan qalıqlarının paleogenetik analizi: bioloji qohumluq münasibətlərinin müəyyən edilməsi” mövzusuna həsr olunub.
Dərsdə laboratoriyasının elmi işçisi Məhruzə Yusifli iştirakçıları qədim insan qalıqlarının paleogenetik tədqiqi sahəsindəki son yeniliklərlə tanış edib. Müxbir qədim DNT-nin əldə edilməsi və analizi proseslərini, həmçinin genetik məlumatlar əsasında bioloji qohumluq münasibətlərinin müəyyənləşdirilməsində tətbiq olunan müasir elmi metodları ətraflı izah edib. O, paleogenetik analizlərin qədim əhalinin mənşəyi, genetik əlaqələri, miqrasiya prosesləri və keçmiş icmaların sosial quruluşunun öyrənilməsində oynadığı həlledici rola diqqət çəkib. Məhruzə Yusifli qeyd edib ki, bu metodların arxeoloji tədqiqatlara inteqrasiyası insan qalıqlarından əldə edilən məlumatların daha dəqiq elmi şərhinə və qədim cəmiyyətlərin demoqrafik xüsusiyyətlərinin müəyyənləşdirilməsinə geniş imkanlar yaradır.
Ustad dərsi zamanı BDU ilə Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən paleogenetik tədqiqatlardan da söz açılıb. Bildirilib ki, müasir molekulyar-genetik metodların arxeologiyada tətbiqi ənənəvi arxeoloji və antropoloji yanaşmaları tamamlayaraq keçmiş cəmiyyətlərin bioloji və sosial tarixinin daha əhatəli şəkildə öyrənilməsinə şərait yaradır. Bu tədbir universitetin elmi-pedaqoji potensialının gücləndirilməsinə və gənc alimlərin beynəlxalq standartlara uyğun tədqiqat bacarıqları qazanmasına mühüm töhfə verir.