BDU Keniyanın Mombasa şəhərindəki Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
.jpg)
Keniyanın Mombasa şəhərində, UNESCO-nun Dünya İrsi Siyahisində yer alan məşhur “Fort Jesus” qalası kompleksində əhəmiyyətli bir mədəni tədbir keçirilib. Tədbir zamanı Suahili Mədəniyyət Kitabxanasının yenidən qurulmuş halda açılışı və “İRS-Urithi” beynəlxalq jurnalının suahili dilində ilk sayının təqdimatı icra olunub. Mərasim Mombasa qubernatorunun ofisi, Keniya Milli Muzeyləri, “Swahilipot Hub” Fondu, Azərbaycanın Keniyadakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) Mədəni İrsi Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev çıxışında mədəni dialoqun iki ölkə arasındakı münasibətlərdəki vacib rolunu vurğulayıb. Səfir qeyd edib ki, son illərdə Azərbaycan və Keniya arasında əməkdaşlıq ən yüksək səviyyəyə çatıb və “İRS” jurnalının suahili dilində nəşri bu əlaqələri daha da möhkəmləndirəcək. BDU-nun Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı isə nəşrin tarixi, inkişaf mərhələləri və beynəlxalq fəaliyyəti haqqında ətraflı məlumat verib. O, 22 dildə nəşr olunan və dünyanın 60-dan çox ölkəsində yayılan jurnalın suahili dilində ilk sayının hazırlanmasında göstərilən dəstəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirib.
Tədbirdə həmçinin Keniya Milli Muzeylərinin rəhbərliyi, Prezidentin xüsusi nümayəndəsi, hüquqşünaslar cəmiyyətinin və universitetlərin nümayəndələri də söz alıblar. Natiqlər bu cür humanitar layihələrin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə böyük töhfə verdiyini qeyd edərək, göstərilən səyləri yüksək qiymətləndiriblər. Mərasimin sonunda yenidən qurulmuş Suahili Mədəniyyət Kitabxanasına Bakı Dövlət Universiteti adından seçilmiş kitab və jurnallar hədiyyə edilib. Bu addım, BDU-nun beynəlxalq mədəni əməkdaşlıq sahəsindəki fəallığını və irs qorumaya verdiyi dəyəri bir daha göstərir.