İqtisadiyyat və idarəetmə fakültəsində gender bərabərliyinə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat və idarəetmə fakültəsində gender bərabərliyinə həsr olunmuş tədbir keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində gender bərabərliyinin təşviqi və bu mövzunun tədris prosesinə inteqrasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbir “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunub.

“Gender bərabərliyi ilə bağlı mövzuların fənn proqramlarına, dərs vəsaitlərinə və dərsliklərə daxil edilməsinin təşviqi” mövzusuna həsr olunan tədbirdə gender bərabərliyinin mahiyyəti və əhəmiyyəti, qadın və kişilərin hüquq və imkanlarının qorunması, təhsil və əmək sahələrində bərabərliyin təmin edilməsi, eləcə də gender stereotiplərinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Tədbirdə UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, sosial iş ixtisası üzrə ixtisas rəhbəri, dosent Fəridə Qurbanova, baş müəllim Mətanət Həsənova, kafedranın dosenti Təranə Kərimova və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən dosent Təranə Kərimova gender bərabərliyinin əhəmiyyəti, onun təhsil sistemində təşviqi və tədris prosesində gender məsələlərinin nəzərə alınması barədə fikirlərini bölüşüb. O, gender bərabərliyinin insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, bu sahədə maarifləndirmənin gücləndirilməsinin və gənclərdə bərabərlik prinsiplərinə hörmətin formalaşdırılmasının vacibliyini qeyd edib.

Müzakirələr zamanı gender bərabərliyi ilə bağlı mövzuların tədris proqramlarına və tədris materiallarına daxil edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq gender bərabərliyinin təşviqinin sosial ədalətin, inklüzivliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildiriblər.

Xəbərlər