Mühəndislik fakültəsində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Mühəndislik fakültəsində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in Mühəndislik fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə narkomaniyanın fəsadları, narkotik asılılığının yaranma səbəbləri və zərərli vərdişlərdən qorunma yollarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbiri fakültənin dekan müavini Sevinc Abdullayeva giriş sözü ilə açıb. O, narkomaniyanın XXI əsrin qlobal problemlərindən biri olduğunu vurğulayaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkəmizdə mühüm dövlət vəzifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi və maarifləndirmə işinin genişləndirilməsi sağlam həyat tərzinin təşviqi, gənclərin mənəvi-əxlaqi dəyərlərinin qorunması və gələcək nəslin sağlam yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra fakültənin Tələbə Gənclər Təşkilatının sədri Nəzrin Baxşıyeva təqdimatla çıxış edib. O, narkotik asılılığının yaranma səbəbləri, fəsadları və onunla mübarizə istiqamətləri barədə məlumat verib.

Eyni zamanda, gənclərin zərərli vərdişlərdən qorunması, profilaktik tədbirlərin əhəmiyyəti və dövlət qurumlarının bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə layihələrindən bəhs edib.

N.Baxşıyeva narkomaniya ilə mübarizədə ictimai həmrəyliyin və hər bir fərdin məsuliyyətinin vacibliyini vurğulayıb. O bildirib ki, gənclik dövründə formalaşan vərdişlər insanın gələcək həyatına birbaşa təsir göstərir. Siqaret, alkoqol və digər zərərli vərdişlər bəzən ilkin maraqdan başlasa da, zamanla ciddi sağlamlıq və sosial problemlərə səbəb ola bilər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər