SABAH Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş seminar keçirilib

UNEC SABAH Mərkəzində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş seminar dərsi keçirilib.
Seminar dərsində müəllim Şəbnəm Həsənova müstəqilliyin mahiyyəti, milli suverenliyin əhəmiyyəti və Azərbaycanın dövlətçilik tarixi haqqında danışıb.
Çıxışda müstəqilliyin yalnız azadlıq deyil, həm də məsuliyyət, qarşılıqlı hörmət və intizam tələb edən mühüm dəyər olduğu vurğulanıb. Azərbaycanın 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı quraraq müstəqillik yoluna qədəm qoyduğu, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdiyi qeyd olunub.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin ölkənin inkişafındakı tarixi rolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində əldə edilən nailiyyətlər diqqətə çatdırılıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və 2023-cü ildə keçirilən antiterror əməliyyatlarının dövlətçilik tariximizdəki əhəmiyyəti vurğulanıb.
Seminar zamanı müstəqilliyin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğu, milli birliyin, həmrəyliyin və dövlətçilik ənənələrinə bağlılığın Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığı bildirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.