UNEC-də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

UNEC-də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in Mühəndislik və Rəqəmsal İqtisadiyyat fakültələri və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova son illərdə türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini bildirib. O, türk xalqlarının birliyi ideyasının əsrlər boyu formalaşdığını qeyd edərək, bu prosesdə böyük maarifçilərin, alimlərin və ziyalıların mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən UNEC-in “Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahova 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının dil, tarix və mədəniyyətinin inkişafında mühüm tarixi əhəmiyyət daşıdığını bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Qurultayın 100 illik yubileyinin qeyd olunmasının nəzərdə tutulmasının tarixi irsin araşdırılması, qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin yubiley məsələsinin Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsində əks olunmasının türk dünyasında elmi və mədəni əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Daha sonra UNEC-in dosenti Çinarə Qəhrəmanova “Türk dünyasında ortaq terminologiya və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə ortaq terminoloji məkanın yaradılmasının türk dillərini eyniləşdirmək məqsədi daşımadığı, əksinə, hər bir dilin milli xüsusiyyətlərini qorumaqla elmi ünsiyyətin və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Mövzu Birinci Türkoloji Qurultayın tarixi irsi və müasir dövrün elmi ehtiyacları kontekstində təhlil olunub.

Çıxışın sonunda ortaq terminoloji məkanın dil müxtəlifliyini qorumaqla yanaşı, türk dünyasında elmi əməkdaşlığın genişlənməsinə və ortaq elmi ünsiyyət imkanlarının inkişafına töhfə verə biləcəyi diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər