UNEC-də kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

UNEC-in Mühəndislik fakültəsi və Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni çağırışlar” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi tələbələri müasir rəqəmsal mühitdəki təhdidlərdən qorunma yolları ilə tanış etmək və onların kibertəhlükəsizlik sahəsindəki biliklərini gücləndirməkdir.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva mövzunun güncəlliyini vurğulayıb. O, virtual məkandan istifadənin gətirdiyi üstünlüklərlə yanaşı, internet təhlükələrindən qorunmanın vacibliyini qeyd edib. Abdullayeva xüsusilə qeyd edib ki, kibertəhlükəsizlik yalnız informasiya texnologiyaları mütəxəssislərinin deyil, bütün cəmiyyətin, o cümlədən mühəndislərin məsuliyyəti altındadır. Rəqəmsal təhlükəsizlik şüurunun formalaşdırılması və internetdən təhlükəsiz istifadə qaydalarının öyrədilməsi hər bir vətəndaşın diqqət yetirməli olduğu prioritet məsələlərdəndir.
Daha sonra “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Əflatun Məmmədov geniş məruzə ilə çıxış edib. Məruzəçi kibertəhlükəsizlik sahəsində mövcud olan ən son təhdidləri, kompüter şəbəkələrinə və fərdi istifadəçilərə yönələn kiberhücumların yeni formalarını təhlil edib. Xüsusi diqqət süni intellekt əsaslı dərin saxtakarlıq (Deepfake) texnologiyalarının yarada biləcəyi risklərə yönəldilib. Məmmədov həmçinin Azərbaycanın kibertəhlükəsizlik üzrə milli strategiyanın əsas hədəflərinə və ən çox rast gəlinən kiberhücum növlərinə toxunaraq, süni intellektin rəqəmsal təhlükəsizlik sahəsinə olan təsirini izah edib. O, tələbələrin bu sahədəki məlumatlılığının artırılmasının onların gələcək peşə fəaliyyətində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və informasiya təhlükəsizliyi, eləcə də kibertəhdidlərdən qorunma metodları ətrafında aktiv fikir mübadiləsi aparılıb. Bu cür tədbirlər UNEC tələbələrinin rəqəmsal əvvəzliyi artırmağa və müasir texnoloji çağırışlara hazırlıqlı olmalarına mühüm töhfə verir.