UNEC-də mühasibatlıqda süni intellektin tətbiqi müzakirə olundu

UNEC-in Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Mühasibatlıqda süni intellekt: istifadə reallıqları, üstünlüklər və risklər” mövzusunda peşəkar seminar təşkil olunub. Bu tədbirin əsas hədəfi gələcək mütəxəssislərin süni intellekt texnologiyalarının mühasibatlıq sahəsindəki tətbiqi, yaradığı imkanlar və potensial risklər haqqında dərin biliklərə yiyələnməsinə kömək etmək və onların rəqəmsal bacarıqlarının inkişafına töhfə verməkdir.
Seminarda fakültənin dekanı, dosent Hafis Hacıyev iştirakçılara müraciət edərək, süni intellektin müasir iqtisadiyyatın və maliyyə sektorunun inkişafında oynadığı artan rolu diqqətə çatdırıb. O, rəqəmsal transformasiya şəraitində mühasibatlıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin yeni texnologiyalara uyğunlaşmasının, müasir bilik və bacarıqlara sahib olmasının vacibliyini vurğulayıb. Dekan, tələbələrin gələcək peşə karyeralarında süni intellekt alətlərindən səmərəli istifadə etməli, texnoloji yenilikləri diqqətlə izləməli və analitik düşünmə qabiliyyətlərini davamlı şəkildə inkişaf etdirməli olduğunu qeyd edib.
Tədbir çərçivəsində süni intellektin mühasibat uçotunda tətbiqi imkanları ətraflı müzakirə olunub. Məsələlər arasında maliyyə məlumatlarının emalı və dərin təhlili, təkrarlanan əməliyyatların avtomatlaşdırılması, hesabatların hazırlanması və ümumi iş proseslərinin optimallaşdırılması yer alıb. Qeyd olunub ki, süni intellekt həllərinin tətbiqi mühasibatlıq əməliyyatlarının daha operativ həyata keçirilməsinə, vaxtın qənaət edilməsinə və məlumatların təhlili imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradır.
Seminarın sonunda iştirakçılar mövzu ilə bağlı aktiv müzakirələr apararaq, maraqlandıran suallara cavablar alıblar. Bu cür tədbirlər UNEC tələbələrinin rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun hazırlanmasında mühüm rol oynayır.