UNEC-də nəqliyyat sıxlığının azaldılması ilə bağlı maarifləndirici tədbir keçirilib

UNEC-də nəqliyyat sıxlığının azaldılması ilə bağlı maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin azaldılması ilə bağlı təkliflərin hazırlanması” mövzusunda tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini, müəllim Rahim Mürsəlov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, dosentlər İlqar Xəlilov və Fəridə Qurbanova, baş müəllimlər Nailə Sultanova və Fidan Qurbanova, həmçinin müəllim Fədai Mərdanlı iştirak ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun böyük elmi işçisi Nicat İmamverdiyev mövzu ilə bağlı çıxış edərək Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhər nəqliyyatında sıxlığın azaldılması istiqamətində görülməsi vacib olan tədbirlər, müasir yanaşmalar və perspektivlər barədə məlumat verib.

Qeyd edib ki, böyük şəhərlərdə pik saatlarda yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də təhsil müəssisələrinin fəaliyyəti ilə əlaqədar hərəkətliliyin artmasıdır. Bu təsirin azaldılması və şəhər mobilliyinin optimallaşdırılması məqsədilə kompleks təkliflər paketi hazırlanır.

Çıxış zamanı dərs başlama saatlarının müxtəlif təhsil pillələri və müəssisələr üzrə fərqləndirilməsi, məktəb avtobusu sisteminin genişləndirilməsi, şagird və tələbələrin təhlükəsiz və mütəşəkkil daşınmasının təşkili, eləcə də ictimai nəqliyyatın optimallaşdırılması məsələlərinə toxunulub.

Həmçinin təhsil müəssisələrinin yaxınlığından keçən ictimai nəqliyyat marşrutlarının pik saatlarda hərəkət intervallarının azaldılması, məktəb və universitetlərin ətrafında velosiped və skuter yollarının, eləcə də təhlükəsiz saxlama zonalarının yaradılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu tədbirlərin tətbiqi nəqliyyat sıxlığının azalmasına, hərəkət təhlükəsizliyinin yüksəldilməsinə və ətraf mühitin qorunmasına töhfə verə bilər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Xəbərlər