UNEC-də tyutor hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olunub

UNEC-də 2026/2027-ci tədris ili üzrə təşkil olunan tyutor hazırlığı kursu uğurla başa çatıb və kurs məzunlarına sertifikatlar təqdim olunub.
Təhsil müəssisələrinin Boloniya prosesinə adaptasiyası və bu prosesdən irəli gələn vəzifələrin icrasında tyutor xidmətinin əhəmiyyəti nəzərə alınaraq təşkil edilən kurs UNEC Rəqəmsal Təhsil Mərkəzinin (UNEC Extern) direktoru Kəminə Cəbrayılovanın proqram rəhbərliyi ilə həyata keçirilib.
Kursda ümumilikdə 10 nəfər iştirak edib. Proqramı uğurla başa vuran iştirakçılardan 3 nəfər fərqlənmə ilə, 7 nəfər isə müvəffəqiyyətlə yekun nəticə əldə edib.
Oktyabrın 9-da UNEC-in əsas tədris binasının Ağ zalında kursun yekun tədbiri keçirilib. Tədbirdə UNEC-in Tədris işləri üzrə prorektoru, dosent Gəray Musayev, UNEC Rəqəmsal Təhsil Mərkəzinin direktoru Kəminə Cəbrayılova, eləcə də kursun təşkilində iştirak edən əməkdaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən dosent Gəray Musayev indiyədək təşkil olunmuş təxminən 13 tyutor hazırlığı kursuna 200-ə yaxın iştirakçının cəlb edildiyini bildirib. Prorektor tyutor hazırlığı proqramının təhsil prosesinin səmərəli təşkili və inkişafındakı rolunu vurğulayıb.
Kurs çərçivəsində iştirakçılara təhsilin təşkilinə dair hüquqi sənədlər, tələbələrin biliyinin attestasiyası, istehsalat təcrübəsinin təşkili, təqaüdlərin müəyyənləşdirilməsi, UNEC-də tədrisin idarə edilməsi üzrə LMS sistemi və Microsoft proqramlarının tətbiqi ilə bağlı biliklər verilib. Eyni zamanda, iştirakçıların vaxtın idarə olunması, komandada işləmək, işgüzar etika və digər zəruri peşəkar bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Sonda kursu uğurla başa vuran iştirakçılar təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb və sertifikatlar təqdim edilib.