UNEC Dizayn Məktəbində “Süni intellekt və dizayn” mövzusunda maarifləndirici tədbir keçirilib

UNEC Dizayn Məktəbində süni intellektin dizayn sahəsinə təsiri, tətbiq imkanları və gələcək perspektivlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova müasir elmi-texnoloji inkişaf şəraitində süni intellektin dizayn sahəsindəki rolundan bəhs edib. O, ənənəvi dizayn proseslərindən fərqli olaraq, süni intellektin verilənlərin təhlili, alqoritmik modelləşdirmə və avtomatlaşdırılmış vizual generasiya imkanları ilə yaradıcı fəaliyyətə yeni yanaşmalar qazandırdığını bildirib.
Daha sonra “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Sevda Hacızadə dizayn sahəsinin gələcək inkişaf perspektivləri və bu prosesdə süni intellektin rolu haqqında danışıb. O, süni intellektin dizaynda yeni imkanlar yaratdığını və gələcəyin dizaynerinin texnologiyadan yaradıcı şəkildə istifadə edən mütəxəssis olacağını vurğulayıb.
Tədbir çərçivəsində Dizayn Məktəbinin katibi, baş müəllim Aytən Ağayeva və baş müəllim Şəhla Abdullayeva da çıxış edərək süni intellektin dizayn prosesinə təsirindən bəhs ediblər. Onlar bu texnologiyanın yalnız yeni bir alət deyil, həm də layihələndirmə metodologiyasını dəyişdirən innovativ yanaşma olduğunu diqqətə çatdırıblar. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.