UNEC Rus İqtisad Məktəbində qeyri-zorakı ünsiyyətə dair maarifləndirici sessiya keçirilib

UNEC Rus İqtisad Məktəbində (RİM) Diplomatiya Təşkilatının təşəbbüsü ilə “Non-violent Communication” (NVC) – qeyri-zorakı ünsiyyət mövzusunda maarifləndirici infosessiya təşkil olunub. Sessiyada RİM direktorunun müavini Anar Eyyubov və digər fakültələrin tələbələri iştirak edib. Görüşdə qeyd olunub ki, tələbələr onlayn formatda Avropada tanınan NVC təlimlərinə cəlb olunub, Danimarka və Niderlanddan gələn peşəkar mütəxəssislərdən nəzəri və praktiki biliklər əldə ediblər.
Tədbirdə bildirilib ki, 21 sentyabr – Beynəlxalq Sülh Günündən etibarən tələbələr sosial şəbəkələrdə qeyri-zorakı ünsiyyətə dair maarifləndirici materiallar paylaşmağa başlayıblar. Bu fəaliyyəti əks etdirən xüsusi videoçarx da iştirakçılara nümayiş etdirilib. Tələbələr maarifləndirmə prosesini interaktiv formada davam etdirmək məqsədi ilə tələbə həyatından götürülmüş nümunələr əsasında keyslər hazırlayıb və onları stolüstü oyun formatına uyğunlaşdırıblar. Bu innovativ yanaşma gənclərə effektiv ünsiyyət, empatiya və münaqişələrin sülh yolu ilə həlli bacarıqlarını oyun vasitəsilə öyrənmək imkanı yaradacaq.
Gələn günlərdə NVC prinsiplərinə əsaslanan oyun formatlı təlimlərə başlanılması planlaşdırılır. Tələbə müəlliflər bu təşəbbüsü həm rus, həm də Azərbaycan bölmələrində həyata keçirməyi nəzərdə tuturlar. Layihə ümumilikdə tələbələr arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə, hörmətə əsaslanan ünsiyyət mədəniyyətinin formalaşdırılmasına və münaqişələrin sülh yolu ilə həlli bacarıqlarının inkişafına xidmət edir. UNEC tələbələrinin bu cür beynəlxalq təcrübədən istifadə etməsi onların şəxsi və peşəkar inkişafına mühüm töhfə verir.