Vyetnamın vitse-prezidenti ADNSU-da: Ho Şi Minin xatirə otağı ziyarət edildi

Ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. Səfər zamanı vitse-prezidenti Prezident Aparatı rəhbərinin müavini Nquyen Zunq Tien, Vyetnamın xarici işlər nazirinin müavini Danq Hoan Zyanq, sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq, kənd təsərrüfatı və ətraf mühit nazirinin müavini Vo Van Hinq, Vyetnamın Rusiya və Azərbaycandakı səfiri Danq Min Xoy, Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və digər yüksək səviyyəli nümayəndələr müşayiət edib. Səfər heyətində Petrovietnam şirkətinin nümayəndələri də iştirak edib.
Səfər çərçivəsində xanım Vo Thi An Suan ADNSU-da yerləşən Ho Şi Minin xatirə otağını ziyarət edib. Qeyd edək ki, bu otaq 2025-ci ildə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, hazırkı prezident To Lamın iştirakı ilə açılıb. ADNSU, Azərbaycan ali təhsil müəssisələri arasında Vyetnam-Azərbaycan dostluğunu və təhsil əlaqələrini təcəssüm etdirən ilk və yeganə xatirə otağına ev sahibliyi edən universitet kimi xüsusi əhəmiyyət daşıyır. Qonaqlar həmçinin universitetin tarix muzeyini də ziyarət ediblər.
Görüşdə ADNSU-nun rektoru Rüfət Əzizov qonaqları salamlayaraq universitetin Vyetnam neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında tarixən oynadığı mühüm rolu vurğulayıb. Rektor bildirib ki, PetroVietnam şirkətinin Direktorlar Şurasının tanınmış üzvləri 106 illik tarixə malik ADNSU-da təhsil alıb, bəziləri isə doktorantura təhsillərini məhz bu universitetdə başa vurub. Hazırda ADNSU 2000-dən çox vyetnamlı tələbənin peşəkar inkişafına töhfə verdiyi doğma ocağa çevrilib.
Vitse-prezident xanım Vo Thi An Suan səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ADNSU-nun iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsində və təhsil körpüsünün qurulmasında oynadığı rolu yüksək qiymətləndirib. O, gələcəkdə Vyetnam-Azərbaycan əməkdaşlığının, xüsusilə təhsil sahəsində daha da inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Vyetnam-Azərbaycan dostluq əlaqələrinin inkişafına töhfə verən nümayəndələr, Milli Məclisin deputatı Gülşən Paşayeva, Azərbaycanın fəxri neftçisi Tofiq Məmmədov, xalq artistləri Fidan Hacıyeva və Mənsum İbrahimov, eləcə də Nigar Axundova və Dilarə Əliyeva kimi tanınmış şəxslər iştirak ediblər.